Uğurlu islahatlarla yanaşı, Komitə problemləri də gizlətmir, əksinə, onun üstünə gedir...
“Əminəm ki, bu il də gömrük sahəsində aparılan islahatlar davam etdiriləcək və bu, bizə imkan verəcək ki, biz yenə də plandan əlavə vəsait toplayaq və büdcəmizə daxil edək. Gömrük-keçid məntəqələri ilə bağlı verdiyim tapşırıqlar icra edilir. Çalışın ki, bizim bütün keçidlərimiz ən yüksək səviyyədə təmir edilsin. Çünki biz vaxtilə bütün keçid məntəqələrini yenidən qurmuşuq, amma artıq vaxt keçib, on ildən çox vaxt keçib. Ona görə orada yeni avadanlığın quraşdırılması, vətəndaşlar, maşınlar üçün daha rahat keçidin təmin edilməsi məsələlərinə də mütləq baxmaq lazımdır".
Bunu Prezident deyir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev. Azərbaycanda başlamış və qarşısı alınmayacaq islahatların banisi.
Hə, ölkədə elə bir sahə qalmayıb ki, islahatlar onu ağuşuna almasın. Və bu qaçılmaz proses gömrük orqanlarından da yan keçməyib.
Müşahidələrimiz imkan verir ki, əminliklə deyək; indi gömrük sistemində islahatlar bir neçə istiqamətdə aparılır; həm struktur, həm də biznes prosesində mühüm dəyişikliklər edilir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ticarətin asanlaşdırılması və informasiya texnologiyalarının tətbiqi həyata keçirilir, sahibkarlar və gömrük əməkdaşları arasında münasibətlər təkmilləşdirilir.
Dəqiqlik və etibarlılıq
İndi gömrük orqanlarımız üçün başlıca məqsəd idxal-ixrac əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, gömrük əməliyyatlarının şəffaf şəkildə həyata keçirilməsinin təmin olunması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır.
Təkcə sahibkarlarla da deyil axı, Onlarla yanaşı gömrük əməkdaşları da öz fəaliyyətlərini qlobal çağırışlara uyğunlaşdırırlar. Artıq gömrük sistemində nəzarət yox, xidmət mədəniyyəti formalaşdırılır və biznesin inkişafına bu yöndə dəstək verilir. Bununla belə, gömrük orqanlarının biznes subyektlərindən əsas gözləntisi dəqiqlik və etibarlılıqdır.
Buyurun, “Yaşıl Dəhliz”!
Heç kimə sirr deyil, son illər dövlət büdcəsinə daxilolmaların həcmi artıb. Gömrük keçid məntəqələrində quraşdırılan yeni avadanlıqlar, xüsusilə də “body scan” aparatları hesabına qaçaqmalçılıq hallarının qarşısı alınır.
Hazırda gömrükdə “Yaşıl Dəhliz” sisteminin iştirakçıları 500-dən çoxdur. Nədir bu “Yaşıl Dəhliz”? Bu buraxılış sistemi üzərindən həm Türkiyə, Gürcüstan, Ukrayna və İran ilə bağlanmış sazişlər nəticəsində əldə olunan, həm də əvvəlcədən elektron formada göndərilən qısa idxal bəyannaməsi vasitəsilə təqdim olunan məlumatlar əsasında aparılan gömrük nəzarəti və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük-sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi ilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışı həyata keçirilir. Bu da, öz növbəsində, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesinə sərf olunan vaxt və xərclərin minimuma endirilməsinə şərait yaradır.
300 milyondan çox vəsait büdcəyə...
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin dediyi kimi son vaxtlar aparılan institusional islahatların fəaliyyət dairəsi genişləndirilib. Məhz aparılan islahatlar nəticəsində dövlət büdcəsinə ödənilən vergi və rüsumlarln həcmi əlavə olaraq 2 mlrd manata çatıb. Məhz aparılan sağlamlaşdırma işləri nəticəsində gömrük əməkdaşları tərəfindən milyardlarla dollarlıq qaçaqmalçılığın qarşısı alınıb.
Təsəvvür edin, 2019-cu ilin büdcə proqnozu 3 milyard 702 milyon manat nəzərdə tutulmuşdu. Büdcənin icrası isə 4 milyard 408 milyon manat təşkil edib, dövlət büdcəsinə 706,6 milyon manat əlavə vəsait köçürülüb və icraya 119,1 faiz əməl olunub. 2019-cu il ərzində vergitutma bazası əvvəlki illərlə müqayisədə eyni səviyyədə qalıb. Belə ki, idxal mallarına 50 faiz həcmində vergi imtiyazı verilib, ümumiyyətlə, güzəştlər tətbiq olunur. Azərbaycan Respublikasına idxal olunan mallara tətbiq edilən gömrük rüsumları üzrə azadolmanın həcmi 65 faiz, idxal olunan mallara tətbiq edilən əlavə dəyər vergisinin azadolmanın həcmi isə 35 faiz təşkil edib. Ümumilikdə bu kontekstdə görülən işlər nəticəsində kölgə iqtisadiyyatı ilə bağlı mübarizə və risklərin idarə edilməsi mərkəzi tərəfindən məlumatların əvvəlcədən sistemə ötürülməsi ilə şəffaflıq təmin olunub, xüsusilə də digər ölkələrdən, ixracatçı ölkələrdən məlumatların sistemə daxil olması ilə sahibkarların qiymət azaltma tendensiyası 2019-cu ildə azalıb. Bu sahədə aparılan ciddi nəzarət funksiyalarına baxmayaraq, yenə də 900 milyon dollara yaxın malların dəyərini aşağı salmağa cəhdlər edilib, bunun qarşısı alınıb və 300 milyondan artıq əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib.
3 milyon 777 min elektron müraciət
Bir məqamı da qeyd edək, elektron hökumət portalı fəaliyyətə başlayandan sonra DGK bu resurslara sürətlə inteqrasiya edən dövlət orqanlarından biridir. Belə ki, ölkəmiz gömrük xidmətində elektron bəyanetmə sistemini 100 faizə çatdıraraq, dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. Statistikaya baxsaq, təkcə 2018-ci ildə Dövlət Gömrük Komitəsinə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və onlara uyğun xidmət göstərilib.
Qaçaqmalçılıqla mübarizə sahəsində aparılan işlər 2019-cu ildə də böyük nəticələrin əldə edilməsinə səbəb olub. Qaçaqmalçılıqla bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə genişləndirilib və 13 min 443 hüquqpozma faktı aşkar edilib. Onlardan 866-sı cinayət xarakterli faktlar olub ki, bunun da əksəriyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar təşkil edib. 2 tondan çox narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb. 2019-cu ildə qaçaqmalçılıq yolu ilə gətirilərkən tutulan malların ümumi dəyəri 300 milyon dollardan artıq olub.
Komitə problemləri gizlətmir...
Cənab Prezident keçirdiyi müşavirələrdə həmişə məmurlara öz vəzifələrindən sui-istifadə hallarını yığışdırmaları və problemləri açıq-aydın dilə gətirib, həlli yollarını tapmaqları ilə bağlı çağırışı özünün müsbət nəticəsini verdi. Dövlət Gömrük Komitəsi bu mənada ən yaxşı çalışan dövlət orqanlarından biri kimi qeyd edilməlidir. Komitə problemləri gizlətmir, əksinə, onları söyləyərək qısa zamanda həllinə nail olmağa çalışır. Və bu uğurun əsas səbəblərindən biridir. Rəhbərlik öz işçilərini də daim nəzarətdə saxlayaraq, onların vicdanla işləmələri üçün lazım olan hər bir tədbirdən çəkinmir. Buna görə də vaxtaşırı öz sıralarında təmizlənmə işləri aparır, qanunsuzluğa yol verən, vəzifəsindən sui-istifadə edən işçiləri sıralarından kənarlaşdırırlar. Məsələn, 2019-cu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri yol verdikləri qanun pozuntuları ilə əlaqədar olaraq məsuliyyətə cəlb edilib.
Yeni Azərbaycan modeli və...
Ölkədə gedən struktur islahatlarının nəticəsində yeni bir Azərbaycan qurulur. Komitədə baş verən islahatlar da məhz yeni Azərbaycan modeliylə ayaqlaşmaqdadır.
Son illərdə həyata keçirilən inkişaf tədbirləri nəticəsində gömrük xidməti ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən əsas strukturu quruma çevrilib. Ölkəmizdə beynəlxalq standartların tələblərinə cavab verən müasir gömrük sisteminin formalaşdırılması fəaliyyəti dövlət və hökumət tərəfindən daim dəstəklənir, gömrük sahəsində əldə olunan nailiyyətlər lazımi qaydada dəyərləndirilir. Dövlət Gömrük Komitəsinin gəlirlərin toplanması, gömrük nəzarəti və hüquq-mühafizə fəaliyyəti kimi ənənəvi gömrük, eləcə də gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar funksiyaları vardır. Bu funksiyalar müvafiq quruma öz vəzifə və funksiyalarını səmərəli şəkildə yerinə yetirmək imkanı verir.
Hazırda respublikamızda aparılan məqsədəyönlü gömrük siyasəti nəticəsində Ümumdünya Gömrük Təşkilatının prinsiplərinə, Gömrük Məcəlləsinə, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası qanununa və digər normativ hüquqi aktlara uyğun sivil gömrük sistemi formalaşdırılır. Gömrük orqanları tərəfindən gömrük nəzarəti və gömrük işinə dair normativ hüquqi baza təkmilləşdirilmiş, maliyyə intizamı möhkəmləndirilmiş, qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə gücləndirilmiş, beynəlxalq münasibətlərdə, gömrük siyasətinin həyata keçirilməsində uğurlu addımlar atılmışdır. Gömrük siyasəti gömrük-tarif qanunvericiliyi, gömrük ittifaqlarının yaradılması, azad gömrük zonalarının formalaşması ilə xarakterizə edilir.
Prezident İlham Əliyev çıxışlarının birində xüsusi vurğulamışdı ki, Azərbaycanda gömrük sistemində qabaqcıl ölkələrin təcrübəsi tətbiq edilməlidir. Ölkə başçısı demişdi ki, bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıb, qeyri-sağlam rəqabətə son qoyulur, Sitat: “Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir”.
Elə bütün bunları nəzərə alaraq, komitə idxal-ixrac əməliyyatlarını, gömrük prosedurlarını sadələşdirir. Sahibkarlığın inkişafında gömrük xidməti daha mühüm rol oynamağa başlayıb. Son vaxtlar iş adamları və gömrük əməkdaşları arasında davamlı görüşlər keçirilir, sahibkarların rəy və təklifləri öyrənilir. İstər gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı bütün təkliflər daha ciddi şəkildə nəzərə alınır. Bir sözlə, Dövlət Gömrük Komitəsi prezident İlham Əliyevin gömrük xidməti qarşısında qoyduğu vacib tapşırıqlardan biri - tam şəffaflığın təmin edilməsi və korrupsiya hallarına qarşı mübarizəni gücləndirməklə sahibkarların yanında olduqlarını nümayiş etdirir.
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün"